Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini tapşırıb.
Bununla bağlı məsələ aprelin 21-də Daxili İşlər Nazirliyi-ndə onlayn formatda keçirilən kollegiya iclasında müzakirə olunub.
İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumilikdə qənaətbəxş olduğunu, lakin bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib. O, həmin çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə profilaktik işin gücləndirilməsini tapşırıb.
Nazir həmçinin onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü şəkildə davam etdirilməsini tələb edib. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.
MUASİRMEDİA.AZ
