Tbilisi–Bakı sərnişin qatarları 26 maydan etibarən fəaliyyətə başlayır

Baş səhifə

 

Gürcüstanla Azərbaycanı birləşdirən sərnişin dəmir yolu əlaqəsi uzun fasilədən sonra bərpa edilir.
Mayın 26-dan etibarən Tbilisi və Bakı arasında gündəlik qatarlar hərəkətə başlayacaq.

Gürcüstan hökumətinin yaydığı məlumata görə, qərar Baş nazir İrakli Kobaxidzenin Bakı səfəri zamanı Azərbaycanla imzalanan İkitərəfli Koordinasiya Şurası protokoluna əsasən verilib.

Sazişə uyğun olaraq Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yeni bölməsi tam rejimdə istismara veriləcək. Protokolu Gürcüstan adından İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan adından isə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının müsbət templəri və Hökumətlərarası Komissiyanın bu prosesdəki rolu müzakirə olunub. Gürcüstan tərəfi növbəti komissiya iclasını öz ölkəsində keçirməyə hazır olduğunu bildirib.

Danışıqlarda regional və qlobal geosiyasi vəziyyətə də toxunulub. Tərəflər davamlı inkişaf və sabitlik üçün sülhün əhəmiyyətini vurğulayıb, birgə regional layihələrin əlaqələrin güclənməsinə töhfə verdiyini qeyd ediblər.

Səfər çərçivəsində enerji və nəqliyyat sahəsində bir neçə sənəd imzalanıb. Sənədlər arasında elektrik enerjisinin tədarükü və tranziti üzrə 20 illik hökumətlərarası saziş, eləcə də 2003-cü il tarixli qaz müqaviləsinin eyni müddətə uzadılması yer alır.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir