Nardaran ədəbi mühitinin yetişdirdiyi şairlərdən biri də Hacı Şıxəli Ağarəzi oğlu Yaxşıbəyov olmuşdur. O 1881-ci ildə Nardaran kəndində dünyayə gəlmişdir. Hələ gənc yaşlarından imanlı və elmə böyük maraq göstərən Şıxəli, Molla Məmmədəlinin yanında iki il ərəb dili və qramatikasını öyrənir. Bundan sonra o dövrdə nəinki Nardaranda, hətta Yaxın Şərqdə elm və imanı ilə tanınmış, yüksək ali ruhani təhsili almış Şeyx Məhəmmədəmin ağa (el içində ona şeyx ağa deyərmişlər) yanında altı il fiqh, bəyan, fəlsəfə və s. elmlərdən dərs alır. Şeyx ağanın yaşlı olması ilə əlaqədar olaraq, təhsilini davam etdirmək üçün (ağanın göstərişi ilə) Maştağa kəndinin axund, zəmanəsinin həqiqi mənada alimi axund Hacı Mirzə Əbdülkərim ağanın yanına gedir. Bu minvalla düz on bir il də Hacı Mirzə Əbdülkərim ağanın yanında elm oxuyan Şıxəli üst-üstə on doqquz il təhsil alır.
Sonralar müqəddəs Kəbəni ziyarət edir, hacılıq şərəfinə də nail olur. Ustadlarının ağzından çıxan hər sözü qavramaqda böyük istedada malik olan Hacı Şıxəli bu on doqquz il ərzində tam püxtələşmiş bir alim kimi yetişir. Digər tərəfdən ədəbiyyata olan sonsuz maraq və zatında olan ilham sayəsində Tuti təxəllüsüilə yazıb-yaradan bir şair kimi də tanınmış və öz dövründə Nardaran ədəbi mühitinə rəhbərlik etmişdir. Hacı Şıxəli Tuti həm də ərəb və fars dillərini çox mükəmməl bilən bir dilçi alim idi.
Hacı Şıxəli də dövrünün bir çox başqa alimləri kimi çox mürəkkəb və əzablı bir həyat yolu keçmişdir. 30-cu illərin represiyasından zavodlarda fəhləlik etməklə ilə yayınmışdır. Böyük vətən müharibəsindən, dinə və ibadətə azadlıq verildikdən sonra yenidən ruhani fəaliyyətinə qayıtmış və ömrünün sonuna qədər davam etdirmişdir. Gənclik illərində öz şeirləri ilə ara-sıra “Dirilik”, “Babayi-Əmir” və başqa mətbu orqanlarında çıxış etmişdir. Hacı Şıxəli Tuti 1966-cı ildə 85 yaşında vəfat etmişdir. Qəbri doğma kəndi Nardarandadır. Ruhu şad olsun!
MM.AZ