Azərbaycan ictimai-siyasi həyatının görkəmli siması Fəzail Ağamalının əziz xatirəsinə

Cəmiyyət

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, tarix elmləri doktoru, professor, Ana Vətən Partiyasının sədri, Milli Məclisin uzunmüddətli deputatı olmuş Fəzail Rəhim oğlu Ağamalının vəfatı ölkəmizin ictimai-siyasi və elmi mühitində dərin hüzn doğurmuşdur.
Onun zəngin və çoxşaxəli həyat yolu Azərbaycan dövlətçiliyinə, milli azadlıq ideyalarına və siyasi düşüncənin formalaşmasına həsr olunmuş mənalı bir ömür nümunəsidir. Fəzail Ağamalı 26 avqust 1947-ci ildə Ermənistan SSR-in Sisian rayonunun Qızıl Şəfəq (indiki Şıxlar) kəndində dünyaya göz açmışdır. Gənc yaşlarından elmə, tarixə və milli ideyalara böyük maraq göstərən Fəzail müəllim 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. Universitet illərindən etibarən Azərbaycanın azadlığı və bütövlüyü uğrunda aparılan gizli tələbə hərəkatında fəal iştirak etməsi onun vətəndaş mövqeyinin və cəsarətinin bariz göstəricisi idi. Bu fəaliyyətinə görə sovet təhlükəsizlik orqanlarının təzyiq və təqiblərinə məruz qalması belə onu öz yolundan döndərə bilməmişdir. Elmi-pedaqoji fəaliyyəti Fəzail Ağamalının həyatında xüsusi yer tutmuşdur. O, uzun illər müxtəlif ali təhsil müəssisələrində müəllim, dosent, kafedra müdiri kimi çalışmış, yüzlərlə tələbənin formalaşmasında əvəzsiz rol oynamışdır. 2005-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini alaraq Azərbaycan tarix elminə dəyərli töhfələr vermiş, bir sıra sanballı elmi əsərlərin müəllifi olmuşdur. Fəzail Ağamalı eyni zamanda Azərbaycanın Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olmuşdur. 1990-cı ildə təsis edilən Ana Vətən Partiyasının sədri kimi o, ölkədə sağlam siyasi mühitin formalaşmasına, milli maraqlara söykənən siyasətin təşviqinə daim sadiq qalmışdır. Onun üçün siyasi fəaliyyət şəxsi ambisiya deyil, dövlətə və xalqa xidmət idi. Dövlət idarəçiliyində də məsuliyyətli və prinsipial mövqeyi ilə seçilən Fəzail Ağamalı müxtəlif illərdə sosial və əmək sahəsində yüksək vəzifələrdə çalışmış, xüsusilə həssas təbəqələrin sosial müdafiəsi istiqamətində mühüm xidmətlər göstərmişdir. 1995-ci ildən etibarən Milli Məclisin ardıcıl altı çağırışında deputat kimi fəaliyyət göstərən Fəzail Ağamalı parlament tribunasından daim dövlətçilik, hüquqi dövlət quruculuğu və milli maraqlar naminə çıxış etmişdir. Onun qanunvericilik fəaliyyətindəki prinsipiallığı və təmkinli mövqeyi həmkarları və cəmiyyət tərəfindən hörmətlə qarşılanmışdır. Dövlət tərəfindən yüksək qiymətləndirilən xidmətlərinə görə Fəzail Ağamalı “Şöhrət” ordeni, “Vətənə xidmətə görə” ordeni və bir sıra yubiley medalları ilə təltif edilmişdir. Bu gün Fəzail Ağamalı haqqa qovuşdu. Onun vəfatı Azərbaycan üçün dəyərli bir ziyalının, prinsipial siyasətçinin və vətənpərvər insanın itkisi deməkdir. Fəzail müəllimin zəngin həyat yolu, əqidəsi və xidmətləri xalqımızın yaddaşında daim yaşayacaq. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Ailəsinə, yaxınlarına və silahdaşlarına dərin hüznlə başsağlığı veririk.

MUASİRMEDİA.AZ
Fuad Qəhrəmanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir