BU KƏDƏR QƏM YAĞIŞI, GÖZ QARALAN BULUDDU-Bəradər Səməndərli

ƏDƏBİYYAT
BU KƏDƏR QƏM YAĞIŞI, GÖZ QARALAN BULUDDU
Əməl kələk bağıdır, yalan dodaqdan keçir,
Bu dağ sinə dağıdır, solan bu dağdan keçir.
Ürək dərd ortağıdır, götür sınaqdan keçir,
Çəkdiyi iztirablar, verdiyi can sübutdu.
Üzdə gülüb, arxadan inandığındır vuran,
Zəhər tuluğun açır, ilan quyruğun buran.
Yayda isti bezdirir, qışda şaxta, qar-boran,
Bu kədər qəm yağışı, göz qaralan buluddu.
Çox su aparan deyil, islanıbdı bu xəmir,
Çürüntü verir artıq, paslanıbdı bu dəmir.
Başı üstə duyanlar Yaradanı, büdrəmir,
Namazın, ibadətin şah damarı qunutdu.
Cihad meydanındakı bir Xeyirdi, bir də Şər,
Ziddiyyətli olsa da, bir qütbdə birləsər.
Mənfi-müsbət üstündə mövcud olubdur bəşər,
Bütün yaranışların son durağı süqutdu.
Bu şeytanlar aləmi bir-birinə qatıbdı,
Səməndərli, dünyanın yoxsa, sonu çatıbdı?
El qınağı işləmir, əxlaq itib-batıbdı.
Gədələr gic vərdişin elə bilmə unutdu.
Bəradər Səməndərli
(Xanəliyev)
27.01.2024
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir