27 Sentyabr – Anım Günü münasibətilə Nərimanov rayonunda Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Nərimanov rayon rəhbərliyi, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan və xalqımızın qazandığı tarixi Zəfərdən danışıb. O, bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük birlik və iradə nümayiş etdirərək öz torpaqlarını işğaldan azad edib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunmasının müasir tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Millət vəkili Samir Vəliyev, Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon Ağsaqqallar şurasının sədri Arif Hümbətov və digər natiqlər şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə və qazilərimizə diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd ediblər.
Daha sonra şəhidlərin ruhuna dualar oxunub və onların xatirəsinə ehsan süfrəsi açılıb.
