Yaxın Şərqdəki gərginliyin ən ciddi iqtisadi nəticələrindən biri neft qiymətlərində sıçrayış olub.
Brent markalı neftin qiyməti bu gün 100 dollar/barrel həddini keçib. Bu, iyul ayından etibarən ilk dəfədir ki, Brent 100 dollardan yuxarı qalxır.
Hörmüz boğazında gəmiçiliklə bağlı problemlər dərinləşərsə, dünya bazarlarına neft tədarükündə ciddi pozuntu yarana bilər.
Bu isə yalnız yanacağın qiymətinə deyil, nəqliyyat, istehsal, ərzaq və digər məhsulların maya dəyərinə də təsir göstərə bilər.
Dünya maliyyə bazarlarında narahatlıq
Neft qiymətlərinin yüksəlməsi investorların inflyasiya ilə bağlı narahatlığını artırıb.
ABŞ fond bazarlarında əsas indekslər aşağı düşüb. Dow Jones təxminən 0,75 faiz, S&P 500 0,30 faiz, Nasdaq isə 0,35 faiz geriləyib. Avropa və digər qlobal bazarlarda da mənfi dinamika müşahidə olunub.
Bazarlarda əsas sual bundan ibarətdir: enerji qiymətlərinin kəskin yüksəlməsi mərkəzi bankları faiz dərəcələrini daha uzun müddət yüksək saxlamağa məcbur edəcəkmi?
Bu məsələ xüsusilə ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının gələcək qərarları baxımından diqqət mərkəzindədir.
MM.AZ
